– Özünüzü oxuculara tanıdın.
– Mən Xəyal Dəmirçiyev Elimxan oğlu, 1994-cü il dekabrın 16-da Marneuli rayonunun Kəpənəkçi kəndində anadan olmuşam.
Təhsilimi Kəpənəkçi kənd orta məktəbində almışam. 2012-ci ildə məktəbi bitirdikdən sonra ali təhsilimi 1+4 hazırlıq proqramı ilə qəbul olduğum Tbilisi Dövlət Tibb Universitetinin müalicə fakültəsi üzrə davam etdirmişəm. 2020-2023-cü illərdə nefrologiya və hemodializ sahəsi üzrə ixtisaslaşmışam.
Hazırda Marneuli rayonunda və Tbilisi şəhərində bir neçə klinikada həkim nefroloq olaraq fəaliyyət göstərirəm.
– Özünü bir cümlə ilə necə tanıdardın?
– İnsanları müalicə etməyə çalışan, insan qalmağa çalışan bir həkiməm.
– Niyə həkim oldunuz?
– Çünki faydalı olmaq istədim. Həyatın ən çətin anlarında kiminsə yanında dayanmaq mənə həmişə mənalı gəlib.
– Ağ xalat sənin üçün nədir?
– Məsuliyyətdir. Hər dəfə geyinəndə bilirəm ki, sözlərim və qərarlarım kiminsə həyatına toxunacaq.
– Həkimlik səni dəyişdirdimi?
– Bəli. Daha səbirli, amma daha yorğun; daha anlayışlı, amma daha səssiz etdi.
– Səni ən çox yoran nədir?
– Güclü görünmək məcburiyyəti. Halbuki bəzən mənim də dayanıb nəfəs almağa ehtiyacım olur.
– Özünə son vaxtlar verdiyin ən vacib sual nədir?
– Mən başqalarına göstərdiyim qayğını özümə də göstərə bilirəmmi?
– Həkim olmaq səni sərtləşdirdi, yoxsa daha həssas etdi?
– İnsan ağrısını çox gördükcə sərtləşdiyini düşünürsən, amma həqiqət budur ki, daha həssas olursan. Sadəcə bunu göstərməməyi öyrənirsən.
– Səni ən çox sındıran an nə olub?
– Əlindən gələni etdiyini bildiyin halda nəticənin istədiyin kimi olmaması. O an anlayırsan ki, tibb hər şeyi bacarmır.
– Heç “mən də yoruldum” demək istəmisənmi?
– Çox. Amma bəzən həkimlər yorğunluğunu gizlətməyi peşənin bir hissəsi kimi qəbul edirlər.
– Pasiyentlərin səndən nəyi hiss etmələrini istəyirsən?
– Təhlükəsizlik. Bilsinlər ki, qarşılarında sadəcə resept yazan biri yox, onları anlayan bir insan var.
– Bu peşədə ən vacib keyfiyyət nədir?
– Səbir. Təkcə xəstəyə yox, özünüzə qarşı da səbirli olun. Hər şeyi bir gündə bilməyəcəksiniz və bu normaldır.
– İlk illərdə ən çox nə çətin olacaq?
– Qərar vermək. Çünki hər qərarın arxasında bir həyat dayanır. Qorxacaqsınız, amma qorxu məsuliyyətin göstəricisidir.
– Səhv etməkdən qorxmaq lazımdırmı?
– Səhvdən yox, səhvdən nəticə çıxarmamaqdan qorxun. Tibb daim öyrənmək deməkdir.
– Yaxşı həkim olmaq üçün sirr nədir?
– Dinləməyi bacarmaq. Bəzən diaqnoz laboratoriyada yox, xəstənin cümlələrində gizlənir.
– Gənc həkimlərə son sözünüz?
– Vicdanınızı qoruyun. Heç vaxt öyrənməyi dayandırmayın. Özünüzü başqaları ilə müqayisə etməyin. Xəstənin gözündə ümid olun, amma öz həyatınızda işıq qalın. Unutmayın, diplom sizi həkim edir, amma insanlıq sizi yaxşı həkim edir.
– Sonda nə demək istərdiniz?
– Mənə belə bir fürsət verdikləri üçün “Yeni yol” qəzetinə və dəyərli insan Azər Musaoğluna təşəkkürümü bildirirəm. İşlərinizdə uğurlar arzulayıram!
Qeyd edək ki, “Özümlə müsahibə” rubrikasında sual verən də, cavab verən də eyni adam olur. Sualları müsahib özü seçir. Müsahibədə heç bir senzuraya yol verilmir və olduğu kimi dərc edilir.