Təhsil bir millətin qədərini dəyişə bilən, intibahına və ya tənəzzülünə birbaşa təsir göstərən ən mühüm faktordur. Bu gün insanlar bir-birlərindən təhsilləri ilə üstün ola bilirlər. Müasir dünya ilə ayaqlaşa bilmək üçün təhsildə uğur əldə etməliyik. Nə pulumuz, nə qolumuzun gücü, nə sayımızın çoxluğu təhsil olmadan bizi güclü millətlərlə bir sıraya gətirə bilməz. Bəs necə edək ki, təhsildə irəliləyə bilək?

 

Millət anlayışına aydınlıq gətirərkən Maks Veber vurğulayır ki, millət ancaq dövlət qurmuş və ya dövlət qurmaq üçün mübarizə aparan insan toplumuna deyilir. Mən düşünürəm ki, Maks Veberin bu dahi konsepsiyasına dil faktorunu da əlavə etmək olar. Dövlət qurmuş və ya dövlət qurmaq üçün mübarizə aparan, həmçinin ortaq dili olan, bu dildə azad şəkildə danışan, bu dildə təhsil ala bilən insan toplumuna millət demək olar. Tarixdən aydın görürük ki, bəşərin inkişafı ortaq əməyin inkişafına bağlıdır. İnsanın ortaq əməyi olması üçün ilk şərt ortaq dilin olmasıdır. Öz doğma dilində təfəkkür edən insanların bir çox qabiliyyətlərinin inkişaf etdiyi barizdir. Qısacası demək olar ki, dil bizim varlığımızın və kimliyimizin əsas sənədidir. Dilimizi qoruya bilməsək, biz varlığımızı qoruya bilməyəcəyik. Məsələn, kürd milləti öz dilində təhsil almamağın nəticəsində bir-birini anlaya bilmir. Suriyada yaşayan kürd Diyarbəkirdə yaşayan kürdü, Diyarbəkirdə yaşayan kürd Hakkaridə yaşayan kürdü anlaya bilmir. Dilin ortaq tədris metodu olmayanda zaman keçdikcə ləhcələr o qədər fərqlənir ki, başa düşmək mümkünsüz olur. Ədəbi dil olmadıqda isə ləhcələri bir-birinə bağlayan heç nə qalmır. Dilini itirən və ya bu cür bir-birindən kəskin fərqlənən ləhcələrə bölünmüş millətlər elmdə irəli gedə bilmirlər. Ya gərək öz dilini atıb (assimilyasiya olub) tamamilə başqa bir dilə keçsin, ya da gərək öz dilində təhsil alsın. Assimilyasiyanın da necə çirkin bir proses olduğunu yaxşı bilirik.

 

Gürcüstanda indiyə qədər azərbaycandilli məktəblər aktiv fəaliyyət göstərir, məzunlar yaxşı nəticələr əldə edirdi. Yeni təhsil islahatlarına əsasən, bu ildən hər azərbaycandilli məktəbdə gürcü sektorunun açılması məcburi edilir. Bu qərarın təhsilin təkmilləşdirilməsi ilə heç əlaqəsi ola bilərmi? Hər azərbaycandilli məktəbdə gürcü sektorunun açılması təhsili nə kimi alternativ yolla təkmilləşdirə bilər? Özümüz özümüzü niyə aldadırıq. Azərbaycanlıların yaşadıqları rayon mərkəzlərində gürcüdilli məktəblər onsuz da var. Rayon mərkəzindən çox uzaq olan kəndlərdə də gürcü sektoru çoxdan açılmışdı. İndi azərbaycandilli məktəblərdə bu sektorun məcburi olaraq açılması Borçalı türklərinin ana dillərinin açıq şəkildə sıxışdırılması və məktəblərdən yavaş-yavaş təcrid olunmasına yönəldilmişdir. Mən buna başqa ad verə bilmirəm və bu qərarın təhsili təkmilləşdirmək əvəzinə təhsilin belini qıracağına əminəm. Gürcü sektoru bitirən uşaqlarla azərbaycandilli məktəb bitirən uşaqların universitetlərdə aldıqları nəticələrlə həmişə maraqlanıram və ana dilində təhsil alan uşaqların necə fərqləndiyini, hər sahədə necə uğur əldə etdiyini yaxşı görürəm. Azərbaycanlı tələbələrdən ən yüksək nəticə alanların əksəriyyəti azərbaycandilli məktəb bitirib.

 

Mən özüm azərbaycandilli məktəb bitirmişəm. Hər gün məktəbdə bir saat keçilən gürcü dili dərslərində mükəmməl olmasa da, özümüzü ifadə edə biləcək qədər gürcü dili öyrənmişdik. 1+4 hazırlıq proqramı müddətində isə gürcü dilini mükəmməl səviyyədə öyrəndim. 4-cü kursdayam, indiyə qədər dövlət təqaüdü ilə oxumuşam və ümumi ortalamam 90+dur. Azərbaycandilli məktəb oxumaq dövlət dilindən məhrum qalmaq demək deyil. İnsanın oxuduğunu dərk etməsi üçün, özünəməxsus yanaşma tərzinin olması üçün, fikrini ifadə edə bilməsi üçün ana dilini yaxşı bilməsi şərtdir. Ana dilini yaxşı bilməyən insanların özünəxas fikri olmur və olsa belə heç vaxt onu ifadə edə bilmir. Xarici dili nə qədər yaxşı bilsək də, bizim bütün təfəkkürümüz anamızın dilində yaranır.

 

Əziz valideynlər, gəlin uşaqlarımızı fəlakətə itələməyək. Uşaqları gürcü sektoruna yazdırmayın. Öz ana dilində təhsilindən məhrum etdiyiniz uşaq sizin etimadınızı doğrultmayacaq. Dövlət dilini hər şəkildə öyrənə bilər. Ana dilinin xərcinə dövlət dili öyrənən insan nə ailəyə, nə cəmiyyətə fayda verə bilməz.

 

Cəlal Yadigarlı