Mənim uşaqlığım milli münaqişələr dövrünə düşdü. O qədər əcaib rəvayətlər eşidirdik ki, bəzən yuxuda da erməni görürdük. “Erməni” sözünü bir-birimizə söyüş kimi deyirdik. Bu, bizim günahımız deyildi, mətbuatın, televiziyanın aşıladığı təəssürat və siyası oyunçuların oyuna gətirdiyi xalqlara qurulan tələlər idi. Bu münaqişənin içində böyüdük və tələbə olduq. Bizimlə oxuyan oğlanlardan əsgər gedənlər arasında atəşkəsin gülləsinə tuş gələnlər də oldu. Guya sakitçilik idi, amma içimizdə bir narahatlıqla qaçqınlı, köçkünlü dövrümüzdə ailə də qurduq, oğullar anası olduq. Balalarımızı bağrımıza basanda bir gün onun böyüyüb əsgər gedəcəyini düşünəndə qorxduq. Bərk-bərk sıxdıq, “yox” deyərək hayqırmaq istədik. Axı ana fəryadını ana olmayan kəs heç vaxt anlaya bilməzdi.
Beləcə qorxa-qorxa balalarımızı böyütdük. Həmişə içimizdə qopub düşə biləcək bir sim gəzdirdik. Bir gün Azərbaycan öz sərhədlərini bərpa etmək üçün haqqını tələb etdi və haqq qalib gəldi. Minlərlə ananın həmin sarı simli ürəyi parçalandı. Dərdə hamımız ağladıq, Vətən sağ olsun deyilsə də anaları analar duyar, paralanmış ürək heç vaxt birləşə bilməz. O analar bu dünyadan para ürəklə gedəcəklər, balasını bağrına basa bilmədiyi həsrət ilə, yaşlı gözlərlə...
İkinci Qarabağ müharibəsindən beş illik bir zaman ayırdı bizi. Müharibənin izlərinin nəinki Azərbaycanda, biz borçalılara da bir simsar çatan tərəfi var, ən azından bir millət olaraq. Unudulmayacaq dərdlərlə birgə tarixin qaysaqlatmaq mərhələsi də var. İstəsək də, istəməsək də həyat davam edir. Müharibənin müharibə qanunları var. Qaçılmaz. Olmayaydı kaş, amma var...
İndi nə gözəl ki, Azərbaycan yeni danışıqlar aparır, ədavəti davam etdirmək istəmir. Atdığı addımla həm özünə xeyir verir, həm qarşıdakına. Pis tərəfi odur ki, bu addım birmənalı qarşılanmır. Bəzi vətənpərvərlər bunu şəhid ruhuna xəyanət kimi qiymətləndirir. Bu adamlar necə düşünür, yəni əbədi ədavətlə yaşayaq, əslində bu ədavətin tarixi də, təşkilatçıları da məlumdur. Sıravi erməni xalqı da bizim kimi yəqin yuxuda türk görüb, söyəndə türk deyiblər.
Müharibənin öz qanunları var, qələbəyə gedən yol itkidən gedir. O da kimin qismətinə yazılıb, kimsə bilməz. O itki tək qalib olan tərəfdə olmur, məğlub olanlar daha çox itki verir...
Yəqin hamınız “nemes-sovet” kinolarına baxmısınız, nələr olmurdu. Hələ partizanların törətdiyi partlayışılarda kütləvi ölümlər... Orada ölənlər də hansısa ananın övladı idi, deyilmi?! 20 milyon itki vermişdi keçmiş SSRİ, amma bu gün həmin qara kağızlı babaların nəvələri Almaniyada yaşayırlar... Çox yaxın tanıdığım bir adamın ata babası müharibədə itkin düşüb, ana babası da alman faşistindən aldığı 8 qəlpə ilə veteran olaraq illərlə mükafatlandırılıb, “nemeslərə tutduğu toylardan” məktəb şagirdlərinə hər il 9 mayda xatirələr danışıb. 15-20 il əvvəl veteran babanın oğlu getdi Almaniyaya... Nə isə, işi yaxşı alındı, şirkət yaratdı, iş qurdu, ağıllı rəhbərlik etdi. “Adətimizə” uyğun olaraq bütün dostu-qohumu yığdı ora. Babaları veteran, itkin, şəhid olan nəvələr hamısı Almaniya dövlətindən maddi fayda götürdülər. Heç kim bunu XƏYANƏT qəbul etmədi. Veteran oğlu isə təqaüdçüdür, arvadı və özü yüksək məbləğdə təqaüd alırlar, gəlib öz ata-baba yurdunda həmin təqaüdlə firavan yaşayırlar.
Faşistlərin yəhudilərə münasibətindən yazmıram, amma bir “Pianoçu” filmini xatırlasaq, yaxud “Zolaqlı pijamalı uşaq” filmi bizə o müharibənin dəhşətini tam aşılaya bilər.
Qarabağ müharibəsində Azərbaycan qədər erməni xalqı da əzab, stres, itki yaşadı, kifayət deyilmi? 120 ildir ki, bu oyunun qurbanları sadə camaatdır. Nə yaxşı ki, dostluğa gedən yollara işıq düşür. Nəyə lazım bu ədavət... Mən istəyirəm ki, bugünkü gənclik nifrətdən, kindən, ədavətdən uzaq yaşasın.
Biz parç suyu əlimizdə çox asan saxlayırıq, zaman keçdikcə suyun çəkisi dəyişmir, amma fiziki gücümüz tükənir. Ədavət də uzandıqca nifrətin yükü mənəviyyatı korlayır.
Gəlin sülhə doğru atılan addımları alqışlayaq ki, dünyamız gözəlləşsin!!!
Esmira Ələkbərli