Ali təhsillə bağlı aparılan cari reformanın çox aspekti var və onu müxtəlif tərəflərdən tənqid etmək olar. Burada konkret olaraq əmək bazarının analizi əsasında kvotaların müəyyən edilməsi haqqında bir neçə məsələni (arqumenti) diqqətə çatdırmaq istəyirəm. Çünki ictimai universitetlərdə qəbul olunacaq tələbələrin sayı əmək bazarının tez və qeyri-şəffaf olaraq apardığı analiz nəticəsində həll oluna bilməz.

 

1. Əmək bazarının tələbi universitetlərdə qəbulu müəyyən edəcək yeganə faktor ola bilməz. Reformanın müəllifləri həmişə deyirlər ki, kvotalar əmək bazarının araşdırılması nəticəsində müəyyən edilib. Artıq dəfələrlər deyilib ki, elə ixtisaslar var ümumiyyətlə əmək bazarının tələblərində yoxdur. Ancaq onların inkişafı milli maraq sahəsi, strateji məsələ, milli təhlükəsizlik mövzusu, gələcəyə əsaslanmş məsələ və sair ola bilər. Məsələn, əmək bazarının analizi ölkəyə hər il neçə filosof və ya ermənişünasın lazım olduğu barədə bizə dəqiq məlumat verməyəcək.

 

2. Böyük ehtimalla, kvotaların tətbiq edilməsi zamanı heç kim müxtəlif proqram məzunlarının real işlə təmin olunma göstəricilərini nəzərə almayıb. Reformanın müəllifləri deyirlər ki, onlar məzunların öz ixtisası üzrə işlə təmin edilməsinin qayğısına qalırlar. Bunun üçün müxtəlif proqram məzunlarının real işlə təmin edilməsi göstəricisini araşdırmaq daha effektiv olardı. Ehtimal edə bilərik ki, bu, baş verməyib. Çünki, məsələn, ixtisas üzrə işlə təmin edilmə göstəricisi 99 % olan Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISET) ingilisdilli bakalavr proqramına kvota 165-dən 100-ə qədər azalıb. Eləcə də, işlə təmin etmədə yüksək göstəricisi olan İliya Dövlət Universitetinin təhsil idarəetməsi üzrə magistratura proqramına  yalnız 5 tələbə qəbul etmək hüququ verilib.

 

3. Ehtimal edə bilərik ki, əmək bazarının analizi bəzi böyük işlə təmin edənlərdə, məsələn, məktəblərdə aparılmayıb. Belə olsaydı, ibtidai sinif müəllimlərinin hazırlanması üzrə inteqrasiya edilmiş bakalavr-magistratura proqramı bütövlükdə ləğv edilməzdi. 2026-2027-ci il üçün Gürcüstanın heç bir ictimai universitetində ibtidai sinif müəlliminin hazırlıq proqramına qəbul elan edilməyib.

 

4. Tətbiq edilmiş kvotalar bəzi hallarda sadəcə məntiqli görünmür və sağlam düşüncədən istifadə etsək, bu nəticəyə gələrik ki, belə bölünməni əmək bazarının tələb etməsi mümkün deyil. Buna ən aydın nümunə artıq tanınmış proqram olan astrolinqvistika və astroarxeologiyadır. Bu bakalavr proqramı üzrə 20 tələbə qəbul olunmalıdır. Ancaq başqa maraqlı nümunələrlə də qarşılaşırıq. Məsələn, İranşünaslıq üzrə bakalavr proqramına 40 yer (30 yer TDU-da, 10 yer Kutaisi Universitetində), sosiologiya bakalavr proqramına – 30 (TDU-da) yer elan olunub. Güman edək ki, sosioloqların işlə təmin edilmə arealı və imkanı İranşünaslardan daha böyükdür.

 

5. Yalnız bir neçə biznesdə yaxın dövrdə hansı ixtisaslı işçiyə ehtiyac olduğu ilə bağlı sorğu aparmaq  əmək bazarının və işlə təmin edilmənin analizi demək deyildir. Güman ki, payızda aparılmış analiz haqqında, demək olar, heç nə bilmirik. Amma reformanın müəlliflərinin ictimai çıxışlarından görünür ki, onlar məhz bu metodla rəhbərlik ediblər: biznes nümayəndələrindən hansı bacarığa və ixtisasa malik olan işçilərə ehtiyac olduğunu soruşublar. Ancaq ola bilsin ki, başqa yanaşmadan da istifadə ediblər və bunu həmin analizin, onun aparılması metodologiyasının ictimai şəkildə əlçatan olduğu zaman biləcəyik.

 

6. Bir halda ki, kvotalaşdırma yalnız ictimai universitetlərə aiddir, əmək bazarında məzunların imkanlarına bu, onsuz da təsir etməyəcək. Givi Mikanadze öz çıxışında bu misalı gətirdi: “Ötən 5 il ərzində müxtəlif universitetlərdə hüquq fakültələrində təxminən 3598 tələbə qəbul olurdu. Ancaq təxminən 2047 tələbə təhsilini başa vururdu. Hüquqşünaslara illik tələb isə 700-dən azdır. Müvafiq olaraq, yanlış təcrübə hüquq fakültələrinə qəbul olmuş 3600 tələbədən 2900-nü qurban verirdi, çünki onlar gələcəkdə hüquqşünas olaraq heç yerdə işlə təmin ola bilməyəcəkdilər”.

 

Qərara əsasən, hüquq üzrə bakalavr proqramlarına 1670 yer ayrılıb. Lakin özəl universitetlərdə hüquq proqramına ötən illərdə ayrılmış yerlərdən (1500-ə qədər) çoxu boş qalırdı. Ola bilsin, tələbələr yenə hüquq proqramına qəbul olmağı seçsinlər, ancaq özəl universitetlərdə. Müvafiq olaraq, ola bilsin, yenə həmin sayda hüquq fakültəsinin tələbəsi “qurban” edilsin.

 

7. Əmək bazarının araşdırılması və analizi Gürcüstanda davamlı olaraq aparılır, ancaq göründüyü kimi, heç kim bu məlumatlardan istifadə etmir. Reformanın müəllifləri təsdiq edirlər ki, kvotaların təyin edilməsi üçün İqtisadiyyat Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə 2025-ci ilin payızında əmək bazarının dərin analizini aparıb (dəqiq tarixlər bu analizin başqa detalları kimi məlum deyil). Əmək bazarının və bacarıqlara olan tələbatın tədqiqi və təhlili Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, eləcə də digər təşkilatlar tərəfindən müntəzəm olaraq həyata keçirilir. Üstəlik, əmək bazarı, məşğulluq və tələbatla bağlı bütün araşdırmaları, məlumatları toplayan və təhlil edən Əmək Bazarının İnformasiya Sistemi mövcuddur. Müvafiq olaraq, yeni təhlilin fors-major qaydada, iki ay ərzində (təxminən, çünki detalları bilmirik) keçirilməsinə niyə ehtiyac yarandığı və mövcud məlumatlardan niyə istifadə edilmədiyi aydın deyil.

 

Lela Çaxaya

Təhsil məsələləri üzrə tədqiqatçı, İliya Dövlət Universitetinin dəvət olunmuş lektoru.

Gürcü dilindən tərcümə edən: Aynurə Əliyeva